“Forbes” jurnalı avropalı siyasətçilərin Azərbaycan hökuməti ilə korrupsiya əlaqələri haqqında məqalə dərc edib.
Məqalədə Amerika Anti-Korrupsiya İnstitutunun prezidenti L. Börk Faylsın bu sözləri xatırladılıb:
Mən Dankse Bankının tranzaksiyalarını görmüşəm. Azərbaycanlıların ən rüsvayçı əməli o pullarla Avropa İttfaqı rəsmilərinə rüşvət vermək olub. Avropa Şurasında səs verən və Azərbaycanda azad və ədalətli seçki keçirildiyini demək üçün 50 min dollar rüşvət alan çox sayda insan var idi. Biz bunu bilirik, çünki pul köçürmələrini görmüşük
Avropa Sabitlik Təşəbbüsünün 2012-ci ilə apardığı “Kürü Diplomatiyası” adlı araşdırmasından sonra Avropa Şurasının Parlament Assambleyasının (PACE) 13 üzvünün vəzifədən uzaqlaşdırıldığı qeyd olunub.
Məqalədə bildirilib ki, ötən il Danimarkanın ən böyük Danske Bankının Estoniya filialında bir işçinin üzə çıxardığı 230 milyard dollar dəyərində çirkli pulların yuyulması skandalı Avropada bir çox gizli məsələlərin üstünü açıb.
Avropa İttifaqının bu qalmaqaldan sonra çirkli pulların yuyulmasına qarşı tətbiq etdiyi daha sərt mübarizə siyasəti indi də gömrük anbarları və içində dəyərli sənət əsərləri, şərablar, klassik maşınlar və başqa lüks əşyaların saxlandığı freeport (azad liman) adlı yerləri hədəf alır. Bu yerlərin çoxunun Danske Bank saxtakarlığında adı hallanan, xüsusən də Avropa İttifaqı Parlamenti üzvlərinə 3 milyard dollar rüşvət ödəyən, Azərbaycandan olan insanlarla qeyri-rəsmi əlaqələri var
– deyə yazının müəllifi Kennet Rapoza bildirib.
Onun sözlərinə görə, oktyabr ayında Avropa Parlamentinin Araşdırma Xidmətinin apardığı araşdırma diqqəti Avropanın ən böyük freeportlarına çəkib. Bu freeportlar anonim saxta şirkətlərin heç bir nəzarət olmadan və vergi ödəmədən tranzaksiya həyata keçirə bildikləri üçün de fakto ofşor bank hesab olunurlar.
Qeyd olunur ki, “Lüksemburqun Dolayı Vergi İdarəsi Le Freeport-u çirkli pulların yuyulması baxımından “yüksək riskli” hesab edib. Məqalədə Le Freeport-un baş icraçı direktoru, Fransa gömrüyünün sabiq rəsmisi Dovörnün azərbaycanlı biznesmen Xəqani Bəşirovla əməkdaşlığından və Azərbaycan landromatı məsələsindəki ən əsas fiqurlardan olan Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevdən də bəhs edilib.
Rapoza yazısında qeyd edib ki, Danske Bankının Rusiya və Azərbaycan landromatı qalmaqalı həll olunmadığı bir vaxt, Azərbaycanın Le Freeport-la kiçik əlaqəsi belə onun Aİ-dakı bənzər təsislərdən daha çox təhqiq olunmasına gətirib çıxara bilər.