Hollivudun ən çox pul qazanan aktyorlarından olan Robert Dauninin “Avengers: Endgame”dən 75 milyon dollar qazanacağı gözlənilir.
Guardian yazır ki, aktyorun əsas maaşı 10 milyon dollardır, amma onun “Marvel” şirkəti ilə imzaladığı müqavilədə göstərilir ki, aktyorun çəkildiyi hər filmdən əldə edilən ümumi qazancın 2,5 faizi ona çatmalıdır. Bu faiz onun əsas maaşına əlavə edilir.
Məlumata görə, filmin qazancından faiz əldə etməklə bağlı maddə 2008-ci ildə ilk “Marvel” filmi olan “Iron Man”in gözlənilməz uğurundan sonra aktyorun iş müqaviləsinə daxil edilib.
Bildirilir ki, aktyor 2018-ci il istehsalı olan və ümumilikdə 2 milyard dollar gəlir gətirən “Avengers: Infinity War” filminə görə 75 milyon dollar alıb. Odur ki, 5 gündə 1.2 milyard dollar gəlir əldə edərək yeni rekorda imza atan “Avengers: Endgame” filminin Robert Dauniyə bu il də ən azı 75 milyon dollar qazandıracağı gözlənilir.
Biznes nəşri “Verdict” isə iddia edir ki, Robert Dauni ilk “Avengers” filmindən 50 milyon, ikinci filmdən 20 milyon dollar qazanıb. Nəşr onun “Avengers: Endgame”dən də təxminən bu qədər gəlir əldə edəcəyini yazıb.