ABŞ-ın cənubundakı Alabama ştatında Senat abortu qadağan edən qanun qəbul edib.
Qanun hamiləliyin hərhansı mərhələsində edilən abortu cinayət kimi qiymətləndirir. Abortu həyata keçirən həkimlərə 10 ildən 99 ilə kimi həbs cəzası nəzərdə tutulur.
Qanuna əsasən, qadının səhhətinə risk olarsa, aborta icazə veriləcək. Ancaq insest və zorlama halları ilə bağlı belə bir istisna nəzərdə tutulmayıb.
Demokrat senator Bobbi Sinqleton belə bir qanunun qəbul edilməsində respublikaçıların roluna diqqət çəkib:
Senatda qadınların bədənləri ilə nə edəcəyini deməyə hazır olan 27 kişi var
- 35 üvdən ibarət Senatda respublikaçılar üstünlük təşkil edir. Senatdakı 27 respublikaçıdan 25-i qanunun lehinə səs verib. Digər 2 respublikaçı isə neytral qalıb. Demokratlar isə senatda cəmi 8 üzv ilə təmsil olunurlar. Senatda cəmi 4 qadın üzv var və onların hamısı demokratdır.
Senatın 4 qadın üzvündən biri olan demokrat Linda Koleman da abortu qadağan etməyin düzgün həll yolu olmadığını deyib:
Abortların təhlükəsiz olmağını və sayının azalmağını istəyirik. Ancaq abort leqal olmalıdır. Çünki həmişə abortlar olacaq
Qanunvericilik respublikaçı qubernator Kay Ayvi tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Bu il Corciya, Kentukki, Missisipi və Ohayo ştatları da həkim embrionun ürək döyüntüsünü aşkarlayan kimi abortun yasaqlanmasına qərar verib. Ancaq Alabamadakı qanun bu ştatlardakından daha radikal xarakter daşıyır.