Ukraynanın yeni prezidenti Vladimir Zelenski bu gün Ali Radada andiçmə mərasimində çıxışı zamanı mühüm məqamlara toxunub.
Politoloqlar Zelenskinin bu çıxışını bütün ukraynalıları “kollektiv məsuliyyətə çağırışı” kimi qiymətləndirib.
Zelenskinin çıxışında diqqət çəkən ifadələr:
Zelenskinin prezident kimi yüksək vəzifəli şəxslərdən ilk tələbi kabinetlərdə onun portretlərinin asılmaması olub:
Mən istəyirəm ki, sizin kabinetlərdə mənim şəkillərim olmasın. Prezident ikona deyil. Ora öz uşaqlarınızın şəkillərini asın və hər dəfə qərar verməmişdən öncə onların gözlərinə baxın
Bu sözlərdən sonra o, Radaya təklif edib ki, deputatların və məmurların toxunulmazlığı haqqında qanun dərhal ləğv edilsin.
Zelenski seçkilərdə qalib gəlməsini bütün ukraynalıların qələbəsi kimi qiymətləndirib:
Əziz ukraynalılar! Seçkilərdəki qələbədən sonra mənim altı yaşlı oğlum dedi: “Ata, deyirlər ki, Zelenski prezidentdir. Deməli mən də prezidentəm?” O zaman bu, zarafat kimi səsləndi. Amma mən indi anlayıram ki, bu zarafat deyil. Bu təkcə mənim yox, bizim hamımızın qələbəsidir və bizim şansımızdır. Biz birlikdə məsuliyyət daşıyırıq.
Yeni prezident Ukraynanı Avropa ölkəsinə çevirməyin mümkün olduğunu deyib:
Başlıqları təsəvvür edin: “Prezident vergi ödəmir”, “Prezident qırmızı işıqda keçib”. Bu necə səslənir? Bizim hər birimiz Ukraynada məsuliyyət daşıyırıq. Avropa ölkəsi bizim hər birimizdən başlayır. Avropa beyindədir. Əgər o beyində olsa, Ukraynada da olacaq.
O, sülh uğrunda hətta vəzifəsini belə itirməyə hazır olduğunu vurğulayıb:
Siz ukraynalılar öz əzizlərinizin həyatı üçün nə etməyə hazırsınız? Mən hər şey etməyə hazıram. Məşhurluğumu, nüfuzumu və öz vəzifəmi itirməyə hazıram ki, sülh olsun. Lakin öz ərazimizi itirməmək şərti ilə. Tarix ədalətsizdir. Biz bu müharibəni başlamamışıq, amma məhz biz onun sonunu gətirməliyik. Biz dialoqa hazırıq. Amma mən əminəm ki, bu danışıqların başlaması üçün bütün ukraynalı əsirlər qaytarılmalıdır. Krım da, Donbas da Ukrayna ərazisidir. Biz ərazimizi itirməmişik, biz insanları itirmişik. Onlar yad deyillər, bizim insanlardır. Çünki o insanların özlərini ukraynalı hiss etmələri üçün hakimiyyətlər heç nə etmədilər. Ukraynalı olmaq pasportla deyil, ürəkdə ukraynalı olmalısan.
Zelenski sonda növbəti 5 ildə Ukrayna üçün əlindən gələni edəcəyi ilə bağlı xalqa söz verib:
Əziz xalq! Əvvəl mən hər şeyi etməyə çalışırdım ki, ukraynalılar gülsün. Mən bunu qəlbimlə hiss edirdim. Növbəti 5 ildə mən hər şeyi edəcəm ki, siz ağlamayasınız.