İran 3,64 faiz zənginləşdirilmiş uran istehsalını dörd dəfə artırıb.
Euronews yazır ki, bu barədə İranın Nüvə Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi mətbuat konfransında bildirib.
O, 60 gün ərzində daha qəti addımlar atacaqlarını deyib:
Natanz nüvə təsislərində 3,67 uranın istehsalını 4 dəfə artırmışıq. Hələlik, nüvə sazişinin 26-cı maddəsinə uyğun olaraq 2 qərar qəbul etmişik. Bundan sonra daha 2 addım atacağıq. Ümid edirəm ki, Avropa ölkələri 60 gün ərzində sözlərini tutarlar və bizim bir sonrakı addımı atmağımıza ehtiyac qalmaz
Nə baş verib: 2015-ci il iyulun 15-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya ilə İran arasında nüvə sazişi imzalanıb. Saziş Tehranın 3,67 faiz zənginləşdirilmiş 300 kiloqram uran istehsal etməyinə icazə verirdi.
Silah istehsal etmək üçün 90 faiz zənginləşdirilmiş uran lazımdır. Sazişdən öncə İran 20 faiz zənginləşdirilmiş uran istehsal edirdi.
2018-ci il mayın 8-də Donald Trampın imzaladığı qərarla ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Ötən il yanvarın 9-da rəsmi Tehran bəyan edib ki, ABŞ həmin müqavilədən çıxarsa, İran da razılaşma ilə bağlı öhdəlikləri yerinə yetirməkdən imtina edəcək.