İndoneziyada Coko Vidodonun yenidən prezident seçilməsi ilə razılaşmayanlar paytaxt Cakartada aksiya keçiriblər.
Guardian yazır ki, nümayişçilərlə polis arasında qarşıdurmalar baş verib və nəticədə 6 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Polis 20 nəfəri həbs edib.
Etirazların daha da böyüyəcəyi gözlənilir. Bu ehtimala qarşı paytaxta 30 mindən çox əsgər cəlb edilib. Şəhərin mərkəzi yolları, məktəblər və alış-veriş mərkəzləri bağlanılıb, qatar stansiyası isə fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Nə baş verib: Aprelin 17-də keçirilən seçkilərdə ümumilikdə 193 milyon seçici iştirak edib. Seçkilərdə 276 nəfər komissiya üzvü və polis yorğunluqdan ölüb. İndoneziya Mərkəzi Seçki Komissiyası nəhayət bu bazar ertəsi rəsmi nəticələri açıqlayıb. Hazırkı prezident Coko Vidodo 55,5% səs toplayaraq qələbə qazanıb. Onun rəqibi Prabovo Subiantonu isə 44,5% səs toplayıb. Rəsmi nəticələr açıqlandıqdan sonra Subianto və vitse-prezident Sandiaqa Unonun tərəfdarları etirazlara başlayıblar.