İsveç məhkəməsi “Wikileaks”in yaradıcısı Culian Assancın həbs edilməsi ilə bağlı tələbi rədd edib.
Guardian yazır ki, məhkəmədə Assancın onsuz da ingilis həbsxanasında olduğu əsas gətirilərək, onun İsveç hakimlərinin qarşısına çıxmasına ehtiyac olmadığı barədə hökm oxunub. Bu qərar hakimlərin Culian Assancın İsveçə təhvil verilməsi ilə bağlı dərhal müraciət etmələrinə mane olacaq. Bildirilir ki, bundan sonra məhkəmə prosesi Avropa istintaq qaydalarının köməyi ilə davam etdirilə bilər.
Assancın vəkili Per Samuelson qərardan razı qaldıqlarını bildirib:
Assanc ən az yarım il həbsdə qalacaq. Onu İsveçin həbs etməyinə ehtiyac yoxdur
İsveçlə yanaşı, ABŞ da Assancın ekstradisiya edilməsini tələb edir. İki ölkə də bu barədə rəsmi tələb irəli sürsə, Assancın hansı ölkəyə təhvil veriləcəyi ilə bağlı qərarı Böyük Britaniyanın Daxili İşlər naziri Sacid Cavid verəcək. O, 2020-ci ilə kimi İsveçə təhvil verilməsə, haqqındakı seksual zorakılıq ittihamı qüvvədən düşəcək.
Nə baş verib: 2010-cı ildə “WikiLeaks” ABŞ ordusuna məxsus 92 min gizli sənədi yayandan sonra Assanc seksual zorakılıqda ittiham olunub. ABŞ-a ekstradisiya ediləcəyindən çəkinən Assanc 2012-ci ildə Ekvadorun Londondakı səfirliyinə sığınıb. 2019-cu il aprelin 11-də Ekvador hökuməti onun mühacir statusunu ləğv edib və London polisi Assancı səfirlikdə həbs edib.