Apple şirkəti müştərilərin yeni məhsullarla tanış olduğu ikinici təqdimat mərasimini keçirib. Bu dəfə şirkət Apple TV+ haqqında mart ayındakı tədbirdən daha ətraflı məlumat verib və bir neçə yeniliyi təqdim edib. Hər il təşkil edilən WWDC tədbiri bu il də uğurla baş tutub. Ələkbər Məmməddən xahiş etdik ki, bizə detalları yazsın.
tvOS 13 və Apple TV+ xidmətinin detalları
Tədbirdə ən birinci mart ayında ilkin təqdimatı olan Apple TV+ xidməti ilə başlayan şirkət, tədbirin özünü də bu platformada yayımlanacaq “For All Mankind” (Bütün bəşəriyyət üçün) adlı televiziya proqramının treyleri ilə başlayıb.
Apple TV üçün təqdim olunan tvOS 13 yenilənmiş versiya ilə artıq birdən çox istifadəçi xidmətdən istifadə edə biləcək. Hər istifadəçinin cihazdan istifadə üçün unikal sırası və şəxsiləşdirilmiş məlumatları olacaq. İstifadəçilər arasında keçid etmək üçün İdarəetmə Mərkəzini istifadə etmək mümkündür.
Apple Music tətbiqetməsi (App) ilə bağlı da yenilik var; artıq bu tətbiqin köməyi ilə sinxron şəkildə mahnı sözlərini də görmək mümkün olacaq. Həmçinin Apple TV artıq oyun konsollarında istifadə olunan pultları da dəstəkləyir.
Şirkət “ekran qoruyucuları”nı da dəyişib. Əvvəllər bu, Yer planetinin kosmik stansiyadan görüntüsü idisə, indi isə bu, dənizin altınının görüntüsü olacaq.
Sirinin səsi dəyişir
Təqdimat zamanı şirkət çoxdandır gözlənilən bir yeniliyi təqdim edib. Öz rəqiblərindən ciddi şəkildə geridə qalan virtual köməkçi Sirinin səsini dəyişib və artıq o, insan səsinə daha yaxındır. Eyni zamanda Siri artıq daha lakonik olacaq. Bundan əlavə, Siri artıq daha geniş qısayollar dəstinə sahibdir. Uzun müddətdir istifadə olunsa da, ciddi bir yenilənmə almayan “Qısayollar” tətbiqi artıq bir çox yeni qısayola sahibdir. Bu, Sirinin daha çox tətbiqlə sinxron işləməsinə kömək edir.
Avtorizasiya sistemləri ailəsinə yeni bir üzv – “Apple ilə daxil ol”
Şirkətin istifadəçilərə təqdim etdiyi növbəti xidmət “Apple ilə daxil ol”dur. Bu, tətbiqlərdə və saytlarda qeydiyyatı asanlaşdıran “Google ilə daxil” və ya “Facebook ilə daxil ol” seçimlərinin analoqudur. Bu, şirkətin bütün App Store mağazası proqramçılarını inteqrasiyaya məcbur edəcəyi bir yenilik olacaq.
Yeniliyi digərlərindən fərqli edən xüsusiyyət isə, öz Apple hesablarından istifadə etmək istəməyən istifadəçilərə avtomatik yaradılmış və müvəqqəti olan elektron poçt hesabları təhkim etməsidir. Bu funksiya istifadəçiləri spam poçtlardan qorumağa kömək edəcək.
“Dark Mode” dəstəyi, sürüşkənli klaviatura və bir çox yenilik – iOS 13
Texnologiya nəhənginin iPhone və iPad cihazları üçün növbəti yeniliyi iOS 13 əməliyyat sistemi olub. Əməliyyat sisteminin növbəti versiyasındakı yeniliklər:
Sistemdə ciddi optimizasiya işləri aparılıb. Tətbiqlərin açılış sürəti 30%-ə qədər artırılıb.
Tətbiqlərin ölçüləri 50%-ə qədər, yenilənmələrin paket ölçüləri isə 60%-ə qədər azaldılıb.
Bütün sistemi və sistem tətbiqlərini özündə ehtiva edən “Qaranlıq Rejim” dəstəyi.
Bildirişlər və İdarəetmə Mərkəzi ekranları artıq daha şəffafdır. Əvvəlki versiya ilə müqayisədə görə şəffaflığın artırılması sistemi daha cazibədar edib.
“Qaranlıq Rejim”-ə uyğun tünd rənglərdən ibarət klaviatura.
Sürüşdürərək yazmaq üçün “Quick Path” adlanan klaviatura.
Apple Music tətbiqində musiqi ilə sinxron musiqi sözləri.
Mail tətbiqində yeni fontlar.
“Yaddaş” tətbiqində qeydlər edəndə bildiriş tarixi və saatını avtomatik ehtimal edə bilmə.
Yenilənmiş Xəritələr tətbiqi ilə xəritənin detallı görünüşləri, bu ilin sonuna qədər ABŞ-da, növbəti illərdə isə digər ölkələrdə aktiv olacaq.
Xəritəyə küçə görüntüsü və obyektlərin 3 ölçülü formatda təsvirinin əlavə edilməsi
Yenilənmiş kamera interfeysi ilə artıq kameranın detallı redaktəsi mümkündür
Yeni versiyada bəzi istifadəçiləri təəssüfləndirəcək məqam odur ki, iOS 13 əməliyyat sistemini yalnız iPhone 6s və ondan sonrakı nəsil cihazlar dəstəkləyəcək. Bu da o deməkdir ki, şirkət artıq iPhone 5s və iPhone 6-a dəstək verməyəcək.
iTunes-in “ölümü” – macOS Catalina
Apple təqdimatda yeni macOS versiyasını təqdim edib. Yeni versiyaya “Catalina” adı verən şirkət bu yenilənmə ilə illərin məhsulu olan iTunes ilə qismən vidalaşıb. iTunes artıq 3 fərqli proqramda – Apple Music, Apple Podcasts və Apple TV olaraq işinə davam edəcək.
Yeni versiyada ən çox diqqət çəkən yeniliklərdən biri iPad ilə inteqrasiyanın artırılması olub. “Catalyst” adı verilən bu sistemlə proqramçılar rahatlıqla iPad tətbiqlərini macOS sisteminə inteqrasiya edə biləcəklər. Digər bir yenilik isə “Sidecar” adlı sistemdir ki, bununla da iPad-ləri ayrıca monitor kimi istifadə etmək mümkün olacaq.
1,5 TB-a qədər dəstəklənən RAM miqdarı – Mac Pro
Şirkət təqdimatda yeni cihazlar da tanıdıb. Tamamilə yenidən formalaşdırılan məhsulu Mac Pro, professionallar üçün yüksək parametrlər təqdim edir.
28 nüvəli Intel Xeon prosessoru ilə təqdim olunan Mac Pro 12 ədəd RAM slotuna malikdir. Bu da cihazın 1,5 TB-a qədər RAM dəstəyinə sahib olacağı deməkdir. Bundan başqa cihaz iki ədəd Thunderbolt 3 və USB-C, iki ədəd USB-A girişi olmaqla ümumilikdə 6 girişə sahibdir.
Qrafiki olaraq Radeon Pro Vega 2 ekran kartı olan cihaz hətta 8K video-redaktələrdə belə rahatlıqla işləmə imkanı verir. Cihazın qiymətlərinə gəldikdə isə, başlanğıc qiyməti 6 min dollar olan Mac Pro-nun ən yüksək parametrlərə sahib versiyası 18 min dollara alıcılara təqdim olunacaq.
Pro Display XDR – 6K keyfiyyətə malik ekran
Apple təqdimatın sonunda HDR görüntü dəstəyi olan Pro Display XDR adlı monitoru da təqdim edib. Bu monitoru fərqləndirən onun “Pro” adlı tutacağıdır. Şirkət monitorun staış qiymətini 5 min ABŞ dolları müəyyənləşdirib. Tuatacaq isə ayrı satılacaq və onun qiyməti 1000 ABŞ dollarıdır. Bunun alıcıları tərəddüdə salacağı ehtimal edilir.