“Pasiyentin hüquqları haqqında” adlanan yeni qanun layihəsi hazırlanıb.
Report yazır ki, qanun layihəsinin 29-cu maddəsinə görə, pasiyentə tibbi yardımın göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsi hüququ var. Onun sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Hüquqazidd olan və sağlamlığa zərər vuran halları komissiya və ya məhkəmə müəyyən edə bilər.
Komissiya nə iş görəcək?
- Pasiyentin hüquqlarının pozulması faktını və sağlamlığa dəyən zərərin həcmini müəyyən edir,
- Sağlamlığa vurulan zərərin ödənilməsi sahəsində yaranan mübahisəli məsələləri məhkəməyədək və ya məhkəmədən kənar həll edir,
- Hüquqların pozulması ilə əlaqədar şikayət və müraciətlərin əsaslılığını yoxlayır,
- Qanunazidd hərəkət edənlərin tibbi və əczaçılıq fəaliyyətinə görə lisenziyasının dayandırılması və ya ləğv edilməsi haqqında vəsatət qaldırır,
- Tibb və əczaçılıq işçilərinin hərəkətlərində cinayət tərkibli əməl mövcud olduqda materialları aidiyyəti üzrə göndərir,
- Qanunazidd olan faktlar üzrə məhkəmə qarşısında iddia qaldırır,
- Qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri yerinə yetirir.
Pasiyent və ya onun nümayəndəsi və (və ya) tibb müəssisəsi komissiyanın qərarı ilə razılaşmadıqda qərarın surətinin ona yazılı təqdim olunduğu gündən 30 gün ərzində məhkəməyə müraciət edə bilər.
Hazırda pasiyentin hüquqları 1997-ci ildə qəbul olunan “Əhalinin sağlamlığının qorunması haqqında” qanunla tənzimlənir.