Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq Lerik rayonunda yerləşən “Relaks” İstirahət Mərkəzindəki yoxlamalarla bağlı birgə məlumat yayıb. Qafqazinfo yazır ki, yoxlama zamanı müqavimətlə üzləşən vergilər nazirliyi və polis əməkdaşları ilə bağlı təqsirli bilinən şəxslər barədə məhkəmə həbs qətimkan tədbiri qərarı verib.
Onlar Milli Məclisin deputatı, İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı, deputatın qardaşı oğlu Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rahim Şahverdiyev və Amir Abbasodur. Onlar Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirli bilinib.
Məsələ ilə bağlı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Nə baş verib: Vergilər Nazirliyi Lerik rayonunda fəaliyyət göstərən “Relaks” istirahət və turizm mərkəzində avqustun 16-da yoxlama keçirmək istəyib. Yoxlamaya istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Məkana gedən vergi əməkdaşları müqavimətlə üzləşib və əraziyə daxil olmalarına imkan verilməyib. Lerik rayon Polis Şöbəsinin əməkdaşları və Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də müdaxiləsi nəticə verməyib. Özünü mərkəzin vəzifəli şəxsləri kimi təqdim edən şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum edib, maşınlara daş parçaları ilə ziyan vurublar.