Bir neçə gün əvvəl Apple şirkəti ilin sonuncu təqdimatını reallaşdırdı. Mikroskop Mediada yayımlanan canlı bloqdan sonra bu yazıda təqdim olunan məhsullar barədə ayrıca yarımbaşlıqlarla məlumatlar yerləşdirilib.
#AppleEvent-dən canlı bloqumuza başlayırıq!
Tim Cook səhnədədir və tədbirin iştirakçılarını salamlayır pic.twitter.com/PLS4Mtogsx— Mikroskop Media (@MikroskopMedia) September 10, 2019
Apple Arcade
Əslində şirkətin bu xidməti ilin əvvəlində elan edilsə də istifadəçilər üçün əlçatan olacağı tarix elan edilməmişdi. Bu dəfəki tədbirdə elan edildi ki, bu xidmət sentyabrın 19-u 150 ölkə üçün aktivləşdiriləcək və aylıq ödənişi 4.99 ABŞ dolları olacaq. Təqdimatda bu barədə qeyd olunmasa da vergilərə görə qiymətin ölkələrə əsasən dəyişəcəyi güman edilir. Bütün istifadəçilərə 1 aylıq ödənişsiz yoxlama versiyası hədiyyə olunacaq.
Apple TV+
Bu da ilin əvvəlində elan edilən xidmətlərdəndir. Apple Arcade-dən fərqli olaraq noyabrın 1-də aktivləşdiriləcək Apple TV+ da istifadəçilərə aylıq 4.99 ABŞ dollarına başa gələcək. Xidmətlə bağlı şirkətin sürprizi də olub; belə ki, bütün yeni Apple cihazları 1 illik Apple TV+ abunəliyi ilə alıcılara təqdim olunacaq. Eynilə Apple Arcade kimi bu xidmətin də vergilərə görə qiymətinin hər ölkədə fərqli olacağı güman edilir.
* Bu sadəcə ehtimaldır, təqdimatda qiymətin dəyişib-dəyişməyəcəyi barədə məlumat verilmədi.
Yenilənmiş iPad modeli – 7-ci seriya iPad
Başlığın fikir qarışıqlığına səbəb olmaması üçün bildirək ki, bu model əslində yeni seriya olaraq nəzərdə tutulmayıb. Bundan əvvəlki 9.7 düym ekranı olan standart iPad modeli artıq 10.2 düym ekranla yenilənib və bəzi parametrləri dəyişib. Bu o deməkdir ki, artıq 9.7 düym ekranlı standart iPad modeli satışda olmayacaq.
Cihazın digər parametrləri:
Apple A10 çipi ilə yenilənib (bu çipset iPhone 7 modelində istifadə olunmuşdu)
TouchID dəstəyi
Apple Pencil (yalnız 1-ci nəsil) dəstəyi
Smart Connect ilə əlavə klaviatura qoşabilmə, həmçinin digər yaddaş qurğularının birbaşa dəstəyi
Yenilənmiş cihaz 30 sentyabrdan rəflərdə olacaq. Cihazın satış qiyməti isə 329 ABŞ dollarıdır. Apple tələbələr üçün xüsusi endirimlə cihazı 299 dollardan satacaq.
Apple Watch cihazının fokuslandığı ən vacib məqam sağlamlıqdır. #AppleEvent pic.twitter.com/G0DRUOJdTw
— Mikroskop Media (@MikroskopMedia) September 10, 2019
5-ci nəsil Apple Watch
Gecənin ən çox gözlənilən cihazı olsa da, təqdimatdan sonra demək olar ki, heç bir gözləntini doğrultmayan cihaz Apple Watch oldu. İndiyə qədər yeni seriyalarda ağıllı saat modelinə hər zaman yeniliklər gətirən Apple, bu dəfə bunu etmədi.
5-ci nəsil Apple Watch-ın yeniliklərindən biri “Always On” displeydir. İllərdir Samsung cihazlarında aktiv olan bu funksiya sayəsində istədiyiniz bir obyektin ekranda daimi olaraq qalmasını təmin etmək olar.
Yeni modelin tanıdılan yeniliklərindən biri isə daxili kompasdır. iPhone cihazlarda ilk vaxtlardan olan bu sensor çox güman ki, ayrıca naviqasiyanı təmin etmək üçündür.
Yeni nəsil Apple Watch cihazları əvvəllər olduğu kimi 2 müxtəlif versiyada – GPS və GPS/Mobil şəbəkə olaraq təqdim ediləcək. GPS versiyası 399 dollar, GPS/Mobil şəbəkə versiyası isə 499 dollardan satışda olacaq. Cihaz satışa sentyabrın 20-də çıxacaq.
3 kameralı iPhone 11 Pro təqdim edilir #AppleEvent pic.twitter.com/YSnQzjcA6X
— Mikroskop Media (@MikroskopMedia) September 10, 2019
Yeni iPhone modelləri
İlin əsas tədbirində şirkət ənənəyə uyğun olaraq yeni iPhone cihazları təqdim edib. Yeni modellər iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max adlandırılıb. Bu il ilk dəfə olaraq cihazların adlandırılmasında “Pro” etiketi işlənməyə başlayıb.
iPhone 11 yeni model olsa da, əslində iPhone XS modelinin bir çox xüsusiyyətlərini özündə daşıyır. Şirkətin keçən ilki modeli olan iPhone XR ilin ən çox satılan smartfonu olduğundan, şirkət çox güman ki, bu il iPhone XR-ın davamçısı kimi iPhone 11 adlandırmasını seçib. Bu adlandırma ilə ehtimal olunur ki, “ucuz qiymətə standart model” fikri formalaşdırmağa çalışır.
iPhone 11 Pro və iPhone 11 Pro Max modelləri isə modelin ən yüksək seqmentləridir. İPhone 11-in adlandırmasını nəzərə alsaq, iPhone 11 Pro-nun standart, iPhone 11 Pro Max-ın isə keçən ilki iPhone XS Max adlandırması olaraq nəzərdə tutulduğunu demək olar. Cihazların parametrləri:
iPhone 11:
6.1 düym ekran, ekran şüşəsi indiyə qədər istehsal olunan ən dayanıqlı şüşə kimi təqdim edildi
Yenilənmiş iki kamera, hər iki kamera da 12MP ölçüsündədir, kameralardan biri geniş, digəri ultra-geniş sensorlarla təmin olunub.
Kamera fləşi 36% daha parlaqdır.
Ön kamera da 12MP ölçüsündədir, bundan əvvəlki modellərdə 7MP ön kamera istifadə olunduğunu nəzərə alsaq, bu, çox böyük yaxşılaşdırmadır.
Yeni Apple A13 Fusion çipi, təqdimatda deyildiyinə görə smartfonlarda istifadə olunan ən sürətli prosessor/qrafik prosessor ikilisinə sahibdir.
Model iPhone XR kimi müxtəlif rəng seçimləri ilə təqdim olunur və 699 dollarlıq başlanğıc qiyməti ilə özünə alıcı tapacaq.
iPhone 11 Pro, Pro Max:
Pro etiketli bu modellərdə Apple 3 kameralı sistemə keçid edir. Kameralardan ikisi iPhone 11 ilə eynidir, üçüncü kamera isə telefoto vəzifəsini yerinə yetirir.
Pro modelinin 5.8 düym, Pro Max modelinin isə 6.5 düym ekranı var.
Hər iki model A13 Fusion çipi ilə işləyir.
Pro modeli iPhone XS Max modelindən 4 saat, Pro Max modeli isə 5 saat daha artıq enerji saxlaya bilir.
Hər iki modelin də qutusundan sürətli şarj başlığı çıxacaq.
Modellərin qiymətlərinə gəldikdə isə, Pro modeli 999 dollar, Pro Max modeli isə 1099 dollardan rəflərdə olacaq. Hər üç cihazın da Azərbaycandakı qiymətləri vergilərə görə 3100-3800 AZN arasında olacağı güman edilir.
iPhone 11 Pro – 999 $, iPhone 11 Pro Max – 1099 $ #AppleEvent pic.twitter.com/793zloRSOt
— Mikroskop Media (@MikroskopMedia) September 10, 2019