Qadına zorakılıq əleyhinə ötən gün keçirilən “Dözmə, yürüş et!” aksiyasının təşkilatçılarından birinin evinə polis gəlib. Təşkilatçılardan olan Rəbiyyə Məmmədova deyir ki, hadisə bu gün səhər saat 8-də olub:
43-cü bölmənin sahə müvəkkili Zaur Məmmədov qapının açıq olmasından istifadə edib, qanunsuz olaraq evimə girib. Yürüşdən bir gün öncədə gəlib məni qorxutmağa çalışmışdılar. Evdə 2 gəlin var biri hamilə, ikisinidə qorxudublar. Nə basqı olursa, olsun qorxmuruq. Məni hətta tuta da bilərlər, ancaq haqq bildiyim yoldan dönməyəcəm.
Hadisə baş verən zaman Rəbiyyə Məmmədova evdə olmayıb və onun evdə olan ailə üzvlərinə kim olduqları və həyat yoldaşlarının əlaqə nömrələri barədə suallar verilib.
R.Məmmədova sahə müvəkkili barədə 102 xidmətinə şikayət edib.
Nə baş verib: Ötən gün Natəvan heykəlinin qarşısından başlayaraq feministlər qadına zorakılıq hallarının artması əleyhinə yürüş keçiriblər. Yürüşün əsas tələbi Azərbaycanın “İstanbul konvensiyası”nı imzalayıb ratifikasiya etməsi olub. Yürüşə polisin müdaxiləsilə bir neçə nəfər saxlanılsa da, baş tutmuş hesab olunub.