Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi halda Avropa İttifaqı Rusiyaya qarşı hazırladığı sanksiyalar paketini tətbiq edəcək. Bu haqda Avropa Komissiyasının sədri Ursula fon der Leyen Almaniyanın “Handelsblatt” və Fransanın “Les Echos” nəşrlərinə müsahibəsində deyib. Onun sözlərinə görə, sanksiyalar Rusiya üçün əhəmiyyətli olan bir sıra sahələrə aiddir.
Sanskiyalara nələr daxildir:
- xarici kapitala çıxışın məhudlaşdırılması;
- texniki məhsulların ixracına nəzarət;
- “Şimal axını 2” qaz kəməri ilə bağlı tədbirlər.
Ursula fon der Leyen vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinə, eləcə də onun ətrafına və Kremlə yaxın oliqarxlara qarşı iqtisadi sanksiyalar da istisna edilmir.
Qərb niyə Rusiyaya sanksiyalar tətbiq edir: Rusiya ilhaq etdiyi Krıma və Ukrayna ilə sərhədə təxminən 100 min əsgər yerləşdirib və bunu təlimlərlə izah edib. Moskvanın müharibəyə hazırlaşmasından ehtiyat edən Qərb liderləri Rusiyanı qoşunlarını Ukrayna sərhədindən çəkməyə çağırır, sərt sanksiyalarla hədələyirlər. Rusiya isə Qərb ölkələrini Ukraynanı silahlandırmaqda və Rusiya sərhədləri yaxınlığında təlimlər keçirməkdə ittiham edir.