Şənbə, 24 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Hormon terapiyasından məhrum trans vətəndaşlar

25 Fevral 2022
A A
Hormon terapiyasından məhrum trans vətəndaşlar

Transgender bayrağı dalğalandıran şəxs/ Mənbə:thehill.com

Müəllif: Nuranə Məmməd

Cinsiyyətə uyğunlaşma prosesində hormonal terapiya Azərbaycanda trans vətəndaşların ən mühüm problemlərindən biridir. 25 yaşlı Devran İbrahimsoy ilk dəfə görüşdüyü endokrinoloqdan “yarana biləcək” problemlərə görə imtina alıb. O deyir ki, Azərbaycanda hormon terapiyası leqal olmadığına görə həkimlər kömək etmir.

Cinsiyyətə uyğunlaşma prosesində endokrinoloq və psixoloqlarla işləmək lazımdır. Ancaq onların çoxunda transfobiya var deyə, yaxın durmurlar.

Devran bildirir ki, analizləri Azərbaycanda versə də, terapiyanı xaricdə yaşayan həkimlər aparıb. 

Xaricdəki həkimlərlə konsultasiya apararaq özüm terapiyaya başladım.

Devran 2021-ci ildə Azərbaycandan köçüb, İspaniyada aşpazlıq sənətini öyrənir və “yeni doğulmuş özü” ilə xoşbəxt olduğunu deyir. Lakin bu, həmişə belə olmayıb. “Əvvəllər güzgü qarşısına keçəndə özümü sevmirdim, bəzən ağlayırdım” – deyə, həmin anları xatırlayır və deyir ki, özünü tanıyandan qadın kimi hiss etməyib. Bir sözlə, istənməyən bədən, görünüş və adla yaşayıb. Bütün bu yaşadıqları da onu psixi cəhətdən sarsıdıb. Lakin hiss etdiklərinin səbəbini dəqiqəşdirmək üçün psixoloq dəstəyi almaq qərarına gəlib. Bütün prosesi keçdikdən sonra isə hormon terapiyasına başlayıb. “Artıq adaptasiya mərhələsinə çatdım və yenidən özümü dünyaya gətirdim”, o qeyd edir. 

Azərbaycanda səhiyyə qanunvericiliyinin əsas sənədi “Əhalinin sağlamlığı haqqında Qanun”da və müvafiq aktlarda hormon terapiyasına dair bir tənzimləmə yoxdur. Bununla bağlı kliniki protokol da hazırlanmayıb. Qanunla tənzimlənmədiyi üçün nəticədə nə dövlət, nə də özəl xəstəxanalar bu terapiyanı həyata keçirmir. Bu da LGBTIQ+ları gender disforiyası ilə yaşamaq və ya hormon terapiyasına başlamaq arasında sərt seçim qarşısıda qoyur.

Hüquqşünas Səməd Rəhimlinin sözlərinə görə, mövcud səhiyyə qanunvericiliyi və həmin qanunvericiliyin müfəssəl tətbiqinə imkan verən aşağı hüquqi qüvvəyə malik normativ aktlar transgenderlərin hormon terapiyası məsələsində hər hansı qayda ehtiva etmir.

Nəzərə alsaq ki, dövlət xəstəxanaları, yaxud TƏBİB publik hüquqi şəxsinin nəzdində olan tibb müəssisələri normativ aktlara uyğun hərəkət etməlidilər, onda bu terapiyanın aparılması onlar üçün qaranlıq qalacaq. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində müəyyən edilən xidmətlərə bu hormon terapiyası aid edilməyib

Rəhimli vurğulayır.

Bu məsələ ilə bağlı kliniki protokollar yaxud ekvivalent sənədlərə nəzər saldıqda bəlli olur ki, bu cür çərçivə əsasən ginekologiya və onkologiya sahələrində nəzərdən keçirilib, lakin transgender hormonal terapiya ilə bağlı məsələlər nəzərdə tutulmayıb.

Hökumət bu məsələdə maraqlı olmadığını nümayiş etdirib və bu mövzunun üzərindən səssizcə keçməyə üstünlük verir. Hökumət tərəfindən LGBTİQ+ problemlərinə bağlı yanaşma ondan ibarətdir ki, bu problem bizdə yoxdur və LGBTİQ+ problemlərinə münasibətdə yeganə tanıma İİV ilə bağlı qanunvericilikdir. Həmin qanunvericilikdə hökumətin verdiyi definisiya ilə “cinsi azlıqlar” yüksək riskli qrup kimi tanınıblar. Onun xaricində hər hansı işarə yoxdur

Rəhimli əlavə edir.

27 yaşlı Vüsalə Hacıyeva da kiçik yaşlarından – gender disforiyası hiss etdiyi andan etibarən bədənini genderinə uyğunlaşdırmaq arzusu ilə böyüyüb. Uzun müddət hormonal müalicəyə başlamağa hazır olsa da, üzləşdiyi çətinlikər müalicəni gecikdirib. “Azərbaycanda hormon terapiyası ilə bağlı çətinliklər həddindən artıq çoxdur” – deyə, Vüsalə də qanunvericiliyin yaratdığı əngəlləri vurğulayır.

Əslində qanunvericiliklə bağlı bu məsələ tamamilə absurddur. Çünki transgenderlərin adaptasiya prosesini gözardı edən dövlət eyni zamanda adaptasiya əməliyyatı etmiş şəxslərin sənədlərini dəyişməsinə icazə verir. Məhz icazənin olmaması tibbi xidmət almağa çətinlik yaradır

  o qeyd edir.

Devran kimi, elə Vüsalə də həkim tapmaqda əziyyət çəkib, çünki həkimlərin çoxu müalicə yazmaqdan imtina edib. Vüsalə Hacıyevanın sözlərinə görə, o həkimlər tapsa da, onlar əvəzləyici hormonal terapiya barədə çox da məlumatlı olmayıblar.

Bu isə təhlükədir, çünki hormonal məsələlər ciddi mövzudur və heç kim istəməz ki, bədəni təcrübə sahəsinə çevrilsin.  Mənim bu barədə bəxtim onda gətirdi ki, tapdığım endokrinoloq Azərbaycandan kənarda təhsil alıb və daha öncədən transgenderlərlə işləmək təcrübəsi var

o bildirir

Məlumat çatışmazlığının qarşısını almağa çalışan Vüsalə “Transvisionary” instagram platforması yaratmaq qərarına gəlib. İndi o, bu platforma vasitəsi ilə LGBTIQ+ları adaptasiya mərhələsi ilə bağlı məlumatlandırmağa və bu prosesi sağlam idarə etmələri üçün dəstək göstərməyə çalışır.

“Nəfəs” LGBTI+ Alyansının nümayəndəsi, gender fəalı Gülnara Mehdiyeva qeyd edir ki, Azərbaycanda transgenderlər üçün tibbi prosedurlar Səhiyyə Nazirliyi tərəfindən tənzimlənmir. Odur ki, hormon terapiya ilə bağlı həkimlər kömək edə bilmirlər və bu praktika geniş yayılmayıb.

Mənim şahidi olduğum bir hadisədə yerli endokrinoloq trans kişiyə köməklik göstərməyə razı olub, lakin həmin şəxsin valideynləri onun bu xidmətdən istifadə etdiyini öyrəniblər və onun çantasından həkimin əlaqə nömrəsini tapıblar. Valideynlər həkimi xəstəxana rəhbərliyinə və polisə şikayət ediblər. Nəticədə həmin həkim çox ciddi problemlər yaşayıb və bu müalicəni aparmaqdan imtina etməli olub

Mehdiyeva xatırlayır. 

Buna baxmayaraq, terapiyanı etməyə razılıq verən həkimlər də var. Gəncə şəhərindən adının çəkilməsini istəməyən həkim deyir ki, bu müalicə ilə məşğul olan həkimlərə maneə törədildiyi üçün trans vətəndaşlarla gizli şəkildə işləməli olurlar.

Əslində həkim nəzarəti altında düzgün şəkildə aparılarsa, hormonal terapiya təhlükəsizdir. Lakin bu cür dərmanları özbaşına qəbul etmək müxtəlif fəsadlar yarada bilər. Eləcə də bu müalicə üçün bəzən uzun illər lazım olur. Buna görə də bu sahədə çalışan həkimlərin sayı çox olmalıdır və onların təhlükəsizliyi təmin olunmalıdır

o bildirir.

“Gender və Tərəqqi” təşkilatının sədri Kamran Rzayev deyir ki, hormon dərmanlarının baha olması və ya bu sahə üzrə ekspert çatışmazlığı trans vətəndaşların xaricə üz tutmasına səbəb olur. Onun sözlərinə görə, hormon dərmanlarını əldə etmək, bu müalicəni almaq və eləcə də əməliyyatlar üçün transgender qadınlar və kişilər xarici ölkələrə, xüsusilə də Türkiyə və Rusiyaya üz tuturlar.

Devran İbrahimsoy və Vüsalə Hacıyeva da hesab edirlər ki, qiymətlər “əl yandırır”. 

Nümunə olaraq onu deyə bilərəm ki, 2 il əvvəl Bakıda 79 manat olan dərmanın qiyməti Türkiyədə 22 manat idi. Digər əsas dərmanların da qiymətləri baha olur, hətta mərkəzə yaxın apteklərdə daha baha satılır.

Vüsalə onu da bildirir ki, satışda olmayan dərmanları tapmaq daha çətin olur. Çünki o dərmanları ya Türkiyədən gələn dost tanış vasitəsilə, ya da Facebook qruplarından kimdənsə xahiş edərək gətirtməli olurlar.

Bəzən də hər dəfə kiməsə müraciət etmək olmur və ya dərman bitir və onun gəlməsi üçün günlərlə günlərlə gözləmək olmur. Bu səbəbdən də məcbur olub ölkədə baha qiymətə alırıq. 

Azərbaycanda olan LGBTİQ+ların hüquqlarının pozulması və ümumiyyətlə müdafiənin olmaması xarici və yerli hesabatlarla öz əksini tapır. Məsələn, İLGA-Avropa təşkilatı “hüquqi müdafiənin demək olar ki, olmaması” səbəbi ilə illərdir ki, Azərbaycanı 49 ölkə arasında sonuncu yerdə sıralayır. “Gender və Tərəqqi” təşkilatının sədri Kamran Rzayev isə qeyd edir ki, qeyri-hökumət təşkilatları həkimlərin bu sahədə xaricdə təcrübə və təlimlər keçməsi üçün işlər görməlidirlər. 

Ancaq təəsüf ki, Azərbaycanda bu sahədə işlər görülmür və bu sahə ilə məşğul olan həkimlər yetişmir

Rzayev bildirir.

Hüquqşünas Səməd Rəhimli hesab edir ki, Avropa Şurası çərçivəsində müəyyən edilmiş standartlar qanunvericiliyini yeniləməli və tibb sektoru üçün müvafiq kliniki protokollar hazırlanmalıdır. 

Bundan əlavə, dövlət hesabına və ödənişli xidmətlərin dairəsi müəyyən edilməlidir. QHT sektoru isə bu sahənin unudulmuş sahə olduğunu qavrayaraq, bu məsələyə daha çox diqqət ayırmalı və mövcud beynəlxalq standartlara və müsbət təcrübəyə əsaslanaraq hökumətdən bu məsələyə reaksiya tələb etməli və kampaniya aparmalıdırlar.

Məqalə Mikroskop Media və “QueeRadar”ın əməkdaşlığı çərçivəsində hazırlanıb.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia