Latviyada demokratik dövlətlərə qarşı hərbi cinayətləri və ya digər beynəlxalq səviyyədə cəzalandırılan cinayətləri dəstəkləyən şəxslər vətəndaşlıqdan məhrum edilə bilər. “Delfi”nin məlumatına görə, ölkə Seymi “Vətəndaşlıq haqqında” qanuna düzəliş və dəyişiklikləri ikinci oxunuşda qəbul edib. Bu dəyişikliyi 62 deputat dəstəkləyib, 1 deputat əleyhinə səs verib, 14 deputat isə bitərəf qalıb.
Kimlər vətəndaşlıqdan çıxarılacaq:
- soyqırım, sülh, bəşəriyyət əleyhinə cinayətlər törətmiş ölkələrə və ya şəxslərə maliyyə, təbliğat, texnoloji və ya digər yardım göstərmiş şəxslər;
- demokratik dövlətlərin ərazi bütövlüyünü, suverenliyini və ya konstitusiya quruluşunu pozan hərbi cinayətlərdə iştirak edən şəxslər.
Qeyd olunub ki, vətəndaşın qeyd edilən hallardan hər hansı birini törətməsi barədə məlumat milli təhlükəsizlik orqanları tərəfindən təqdim ediləcək. Qərara etiraz etmək və ya apellyasiya şikayəti vermək onun qüvvəsini dayandırmayacaq.