Ukraynanın Xarkov şəhərində həlak olmuş Azərbaycan vətəndaşı Emin Mahmudov və onun həyat yoldaşı, Ukrayna vətəndaşı Lyudmila Mahmudovanın yetkinlik yaşına çatmayan 3 övladı Azərbaycana gətirilib. Bu haqda Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb:
2007-ci il təvəllüdlü Renata Mahmudova, 2010-cu il təvəllüdlü David Mahmudov və 2017-ci il təvəllüdlü Dayana Mahmudova mayın 4-də Azərbaycana təxliyə ediliblər. Azərbaycan vətəndaşı olan uşaqlar valideynləri həlak olduqdan sonra tanışları tərəfindən Rusiya ərazisinə keçiriliblər. Uşaqların repatriasiya edilməsi üçün Azərbaycan dövlət qurumları zəruri tədbirlər görüb.
deyə qeyd edilib
Məlumatda o da vurğulanıb ki, uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.
Valideynlər nə zaman həlak olublar: Xarkovun Çirkun kəndində yaşayan Emin Mahmudov, həyat yoldaşı və qayınanası martın 5-də raketin evə düşməsi nəticəsində ölüb. Hər 3-nün nəşi yalnız 10 gün sonra həyətdən çıxarılıb.