Azərbaycanda bir qrup pensiya növünün verilməsi və ya təyin edilməsində dəyişikliyi edilib. “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilib.
Dəyişikliklər nədən ibarətdir:
- Ailə başçısını itirməyə görə əmək pensiyası artacaq:
Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı da ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınacaq.
- Pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək:
Vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
- Sağlamlıq imkanları məhdud uşağını təkbaşına böyüdən atalar 5 il pensiyaya tez çıxacaq:
Anası vəfat edən və ya boşanan, yaxud anası valideynlik hüququndan məhrum edilmiş sağlamlıq imkanları məhdud uşağı növbəti dəfə nikah bağlayana qədər təkbaşına, 8 yaşınadək böyüdən atalar 5 il erkən pensiyaya çıxa bilərlər.
- 5 və daha çox uşağı övladlığa, qəyyumluğa götürən qadınlar erkən pensiyaya çıxacaq:
Qeyd edilən kateqoriyadan olan uşaqları 8 yaşınadək böyüdən qadınların yaş həddi 5 il azaldıldılacaq, yaşa görə əmək pensiyası ala biləcəklər.
- Onkoloji və skleroz xəstələri pensiya ala biləcəklər:
Sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilən dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sosial müavinət və ya əmək pensiyası alacaqlar.
- Zərərli və ağır işlərdə çalışan kişilərlə qadınların pensiya yaş həddi bərabərləşdirilir:
Pensiya kapitalı və 25 il sığorta stajı tələbinin biri ləğv edilir, pensiya kapitalı tələbi 34 560 manata endirilir. Pensiya məbləği artırılır, 2 şərt (ümumi staj və ya kapital və xüsusi iş stajı) qarşılığında 5 il erkən pensiya hüququ olacaq.