Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP yazır ki, bu, agentliyin iş adamının şərikinə qarşı açılan müsadirə işinin sənədlərində ortaya çıxıb. 55 yaşlı iş adamına gələn həmin pulların mənbəyi OCCRP-nin 2017-ci ildə aşkarladığı “Azərbaycan pulyuyan maşını”nın maliyyələşdirdiyi şirkətlərdir.
Bir neçə il ərzində o, məhkəmə işində adının açıqlanmasının qarşısını almağa nail ola bilib və bunu adı çəkiləcəyi halda reputasiyasının zədələnə biləcəyi ilə əsaslandırıb, buna görə də məhkəmə qeydlərində onun adı “MNL.” kimi “kodlaşdırılıb”. Bu gün, bir ildən çox davam edən dinləmələr və apelyasiyadan sonra mediaya onun adının çəkilməsi ilə bağlı qoyulan qadağa ləğv edilib.
Marandinin adı niyə indi açıqlanır?
İş adamı Cavad Marandinin adının hallandığı məhkəmə işi Cavanşir Feyziyevlə bağlı idi və bu işdə onun adı gizli saxlanılırdı. Böyük Britaniyanın BBC və “The Evening Standart” media orqanları buna etiraz olaraq məhkəməyə müraciət edib və adı gizli saxlanılan iş adamının kimliyinin açıqlanmasını tələb ediblər. Bir ildən çox davam edən proses isə bu şəxsin Marandi və onun “Azərbaycan pulyuyan maşını” ilə əlaqələrinin olmasını ortaya çıxarıb. Bu barədə qərarı Uestminister Məhkəməsi, Ali məhkəmə və bir neçə apelyasiya məhkəməsi çıxarıb.
İş adamının sonrakı taleyi necə olacaq?
Pul köçürmələri Cavanşir Feyziyevlə bağlı cinayət işi araşdırılan zaman aşkarlanıb və buna görə də Marandi cinayət məsuliyyətinə cəlb edilməyib. İş adamını təmsil edən hüquq şirkəti bununla bağlı şərhində hər hansı bir səhv iş görüldüyünü israrla təkzib edib:
Buna görə reputasiyaya ciddi ziyan dəyəcəyindən məhkəmənin verdiyi qərara çox təəssüf edirik. Cənab Marandiyə cinayət işi açılmayıb və rəsmilər tərəfindən ifadə verməyə çağırılmayıb. Eyni zamanda dünyanın heç bir yerində onun hər hansı biznesi ilə bağlı məhkəmə iddiası qaldırılmayıb.
İrandakı inqilabdan sonra Londona qaçan Marandi uğurlu biznesmen kimi böyüyüb. O, Soho House adlı özəl üzvlük klubuna, bundan başqa “Emilia Wickstead”, “Anya Hindmarch” və “Conran Shop” məşhur moda və dizayn brendlərinə investisiya qoyub.
İş adamı təkcə “Azərbaycan pulyuyan maşını”nın bir hissəsi deyil, onun həm də Azərbaycanda biznesi var. Ölkədə ümumilikdə 20-dən çox restoranı olan Mc Donald`s şəbəkəsinin və beynəlxalq brendlərin distribyutoru olan siqaret biznesinin sahibidir. Birləşmiş Krallıq hüquq firmasının bildirdiyinə görə, Marandinin gəlirinin əsas hissəsi siqaret biznesidir. Bundan əlavə o, Əliyev ailəsinə məxsus olan tikinti şirkəti “Pasha Construction”da idarəedici tərəfdaş olub. Milli Cinayət Agentliyi bunlara əlavə olaraq aşkarlayıb ki, Marandi, “Azərbaycan pulyuyan maşını”nın maliyyələşdirdiyi ofşor şirkətlərdən ümumilikdə 230 milyon dollar alıb. Bu məbləğin bir hissəsi – 71 milyon dollar birbaşa, qalan hissəsi isə iş adamının idarə etdiyi başqa bir ofşor şirkətə göndərilib.
“Azərbaycan pulyuyan maşını” nədir?
“Azərbaycan pulyuyan maşını” pulun haradan gəldiyini gizlətmək üçün saxta əməliyyatlardan istifadə edərək pulu ötürən və bir-birinə bağlı ofşor şirkətlər şəbəkəsidir. Buna görə də bəzən milyardlarla dollar məbləğində pulun hansı mənbədən gəldiyini müəyyənləşdirmək mümkün olmur. Lakin Estoniya banklarının sənədləri sızdırılandan sonra jurnalistlər tapmacanın hissələrini birləşdirərək bu fondların bir hissəsinin hara gedib çıxdığını müəyyənləşdirə bildi.
Qazananlar Əliyevlər ailəsi və onların yaxınları da daxil olmaqla, Azərbaycanın hakim elitasının məşhur üzvləri olub.
Marandinin Feyziyevlə nə əlaqəsi var?
Milli Cinayət Agentliyinin fokusu Marandini yox, digər nüfuzlu azərbaycanlı siyasətçi Cavanşir Feyziyev və onun ailə üzvlərini araşdırmaq olub. Agentlik nail olub ki, pulyuma sistemi vasitəsilə göndərilən milyonlarla funt məbləğində pul Feyziyev ailəsindən müsadirə edilsin. Feyziyev ailəsi araşdırılarkən agentlik həm də Marandiyə gəlib çıxıb. Məhkəmə dinləmələri zamanı agentlik nümayəndəsi Marandinin də cinayət işinə cəlb edilib-edilmədiyi barədə suala “nə təsdiq edə bilərəm, nə də inkar” cavabını verib.
Milli Cinayət Agentliyi həm də aşkarlayıb ki, Marandi Cavanşir Feyziyev və Mehriban Əliyevanın əmisi oğlu Mircəlal Paşayevlə pulyuyan maşından milyonlarla dollar vəsait alan aptek şirkətində tərəfdaş olub. Bu, “Avromed” adlı məşhur aptek şəbəkəsidir ki, əvvəllər yalnız Feyziyevə məxsus olduğu bilinirdi. Feyziyev, bu şirkətin təsisçilərindən biridir, amma 2015-ci ildə deputat seçiləndən sonra öz payından imtina etdiyini açıqlamışdı.
“Avromed” şirkəti payçılarının adını açıqlamır və bu faktdır ki, Marandi və Paşayevin də o payçılardan olduğu əvvəllər məlum deyildi.
Filantrop Cavad Marandi
Biznes sahəsindəki uğurlarından əlavə Marandi Birləşmiş Krallıqda həm də başqa imiclə, xeyriyyəçi kimi tanınıb. O, fiziki imkanları məhdud uşaqlar üçün xeyriyyə fondunun həmtəsisçisidir və “The Telegraph”da daha yüksək əmək haqqı tələb etdiyi yazıları dərc olunub. Bundan başqa o, 2014-cü il may və 2020-ci il noyabr tarixləri ərzində Mühafizəkarlar Partiyasına 750 min funt sterlinq dəyərində ianə edib. Bu həm də Milli Cinayət Agentliyinin onun şübhəli ödənişlər aldığını dediyi dövrlə eynidir.
Marandini Azərbaycana Mc Donald`s-dan başqa nə bağlayır?
Biznes və pulyuma əlaqələrindən başqa, həm də Cavad Marandinin həyat yoldaşı azərbaycanlıdır. O, onkoloq Əli Əlizadənin qızı Nərminə Marandi (Əlizadə) ilə evlidir və 3 övladı var.
Cavad Marandinin adı bundan öncə də prezident İlham Əliyevin ailə üzvlərinin Londonda mülk almasında vasitəçilik etməkdə hallanıb. BBC yazır ki, 2015-ci ildə Leyla və Arzu Əliyeva “The Knightsbridge Apartments” adlı lüks yaşayış kompleksindən iki mənzil almaq istəyib və bu zaman onları vəkillə Cavad Marandi tanış edib. Həmin vəkil bacıların “siyasətlə əlaqəli fiqurlar” (Politically Exposed Persons – PEP) olub-olmadığını araşdırmalı idi, çünki bu kateqoriyaya aid şəxslərə məxsus şirkətlər çirkli pulların yuyulması riski ilə əlaqədar daha ciddi araşdırılır.
Bundan başqa Cavad Marandi 2013-2014-cü illərdə vitse-prezident Mehriban Əliyevanın əmisi oğlu Mir Cəlal Paşayevə 3,5 milyon funt dəyəri olan mənzil hədiyyə edib.
Azərbaycan mətbuatında sonuncu dəfə Cavad Marandinin adı pandemiya dövründə hallanıb. İş adamı Koronavirusla Mübarizə Fonduna 2020-ci ilin martında fonda 1 milyon 100 min AZN ianə edib.