Azərbaycanda milyonlarla dollar dəyərində bizneslərin sahibi olan “Paşa Holdinq” bu il mayın 3-dən etibarən həm də taksi bazarına daxil olduğunu açıqlayıb. Holdinqin törəmə şirkəti “Competo” MMC adı ilə qeydiyyatdan keçən “Umico” brendi Ukraynanın “Uklon” taksi xidməti ilə əməkdaşlığa başlayıb. Azərbaycan “Uklon” taksi xidmətinin ilk xarici bazarıdır.
“Uklon” MMC elə holdinqin özünə məxsus olan Port Baku Towers-də, 2023-cü ilin fevralında qeydiyyatdan keçib.
Taksi biznesi elan edildikdən sonra yerli mediada Azərbaycanda hazırda fəaliyyət göstərən və xarici investisiyalı şirkətlərdən, əsasən isə “Bolt” və “Uber” ilə bağlı tənqidi yazılar, araşdırma və reportajlar yayımlanmağa başlayıb. Medialarla yanaşı rəsmilər və deputatlar da bu mövzuya diqqət ayırıb və tənqidi fikirlər səsləndirib.
Medialara nə tapşırılıb?
Mikroskop Medianın iki müxtəlif hökumətyönlü mediadan əldə etdiyi tezis mətnləri göstərir ki, medialara taksi sahəsindəki problemlərlə bağlı materiallar hazırlamağa və bunu davam etdirməyə istiqamət verilib.
“Taksi şirkətlərinin (Bolt, Uber və s.) taksi sürüclərini “istismarı”, hüquqi öhdəlikdən, vergilərdən yayınan bu şirkətlər vasitəsilə təsadüfi şəxslərin taksi bazarına axını, taksi istifadəçilərinin/müştərilərin taksi sürüclərindən hədsiz narazılığı, taksilərin törətdiyi yol qəzalarının artması, taksi bazarında yaranmış xaosun tənzimlənməsinə, bu sahədə aydın meyarlar, real, işlək qaydalar yaradılmasına ehtiyacın olması mövzularında şərhlərin davam etdirilməsi xahiş olunur”.
Bu mövzuda materialların hazırlanması ilə bağlı ilk “xahiş” mayın 26-da göndərilib və mayın 29-da bunun davam etdirilməsi istənilib. Bundan sonra medialarda bu mövzu ilə bağlı araşdırmalar peyda olub.
Medialar göndərilən “xahiş”ləri necə yerinə yetirib?
Mayın 26-da Azərbaycanda fəaliyyət göstərən bir çox onlayn media, televiziya və radio kanalında taksi xidmətlərindəki problemləri, həm sürüclərin, həm də sərnişinlərin narazılığını əks etdirən materiallar yayımlanıb.
Məsələn, APA informasiya agentliyinin dərc etdiyi “Bakıda taksi xaosu: Sərnişin də narazıdır, sürücü də – ARAŞDIRMA” başlıqlı materialda qeyd olunur ki, taksi xidməti ilə bağlı narazılıqlar artıb və yaranmış xaotik vəziyyət həm sərnişinləri, həm də sürücüləri narahat edir:
“Uber”, “Yango”, “Bolt” və digər taksi şirkətləri isə tibbi müayinədən keçmədən, sürücülük vəsiqəsinin olub-olmadığı bəlli olmayan, hətta narkoman şəxslərin ucuz avtomobil alıb internetdən mobil tətbiqlərini endirərək taksi fəaliyyətinə başlamaları üçün hər cür şərait yaradır.
reportajda deyilir.
Report İnformasiya Agentliyi isə ölkədəki taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı ekspertdən rəy alıb və “Bu cür neqativ halların qarşısını necə almaq olar, taksi fəaliyyəti ilə bağlı zəruri hansı addımlar görülməlidir?” sualına cavab axtarıb. “Ekspert: “Taksi fəaliyyəti tənzimlənəndən sonra bu sahədə neqativ hallar aradan qaldırılacaq” başlıqlı yazıda Elməddin Muradlı taksi sürüclərinin qadınlara rəftarını tənqid edir və əlavə edir ki, bu şirkətlər xarici investisiyalı olduğundan onlar vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfə ötürülməyinə səbəb olur:
Vətəndaşların şəxsi məlumatlarını üçüncü tərəfə ötürməməlidirlər. Bu məsələyə ciddi nəzarət olmalıdır. Düşünürəm ki, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu sahədə müəyyən addımlar atmalıdırlar.
ekspert deyir.
İnformasiya agentlikləri və xəbər saytları ilə yanaşı eyni gündə televiziyalarda da bu mövzunun qeyd olunan tərəfləri ilə bağlı reportajlar və sorğular yayımlanıb.
Space TV-nin fonda həyəcanlı musiqi ilə müşayiət olunan “Bakıda xarici taksi şirkətlərinin özbaşınalığı” başlıqlı reportajında həm müəllif, həm də sorğuda iştirak edən şəhər sakinləri taksi xidmətlərindən şikayətlənir. Maraqlıdır ki, sorğuda iştirak edən şəhər sakinlərinin narazı olduqları detallar da medialara göndərilən tezislərə uyğun gəlir. Reportajda həm də yol qəzalarının xarici taksi şirkətləri ilə “bağlılığından” da danışılır:
Məsələnin digər acınacaqlı tərəfi isə baş verən qəzaların böyük əksəriyyətinin məhz xarici taksi şirkətləri ilə əməkdaşlıq edən qeyri-peşəkar sürücülərin payına düşməsidir. Bundan başqa son vaxtlar hüquq-mühafizə orqanları tərəfindən taksi sürücülərinin xanım sərnişinlərə qarşı əxlaqsız əməlləri haqqında yayılan məlumatlarla tez-tez rastlaşırıq.
Yeri gəlmişkən, cəmi 8 gün, 23-31 may tarixləri ərzində Space TV taksi mövzusuna aid 4 tənqidi material yayımlayıb.
ATV-nin 26 may xəbər buraxılışında da bununla bağlı “Bakının taksi adlı bəlası” başlıqlı reportaj yayımlanıb. Şəhər sakinləri və avtobus sürücləri ilə sorğunun da daxil edildiyi bu reportajda qeyd olunur ki, xarici taksi şirkətləri həm sıxlığa səbəb olur, həm də sürücülər sərnişinlərlə qeyri-etik rəftar edir.
Xəzər TV-nin də yayımladığı “Xarici taksi şirkətləri bağlansın?… Sürücülər bundan gileylənir…” adlı reportajda taksi xidməti ilə bağlı ümumi vəziyyətdən, əsasən də sürüclərin iş şəraitinin ağırlığı barədə danışılır. Materialda deyilir ki, sürücülər gəlir əldə etmək üçün sutkanın yarıdan çoxunu işləyir və onların əməyi istismar olunur.
“Taksilərin yaratdığı xaos” adlı reportaj isə REAL TV-də yayımlanıb və həmin materialda bu mövzu ilə bağlı bir neçə detala toxunulub. Müəllif sürücülərin narkotik istifadə etməsi, sərnişinlərlə düzgün olmayan davranışı, şəhərdə səbəb olduqları sıxlıq, sürücülərin əməyinin istismarı, taksi xidmətinə nəzarət üçün vahid sistemin və əlavə qanunların yaradılmağı barədə məsələləri işıqlandırıb. Bu sahədə ekspertin, eləcə də şəhər sakinlərinin fikirlərini öyrənib.
Bir neçə gün sonra, 29 mayda medialardan yenidən mövzunun davam etdirilməsi “xahiş olunub”.
Bundan sonra da onlayn medialar, televiziya və radio kanallarında oxşar məzmunda materialların yayımlanması davam etdirilib. Məsələn, 31 mayda oxşar qaydada Space TV, REAL TV və hətta Azərbaycan radiosu taksi xidmətindəki narazılıqlar və problemlərlə bağlı material yayımlayıb. Azərbaycan radiosunu fərqləndirən tərəf odur ki, bu medianın YouTube kanalında demək olar ki, ancaq musiqilər yayımlanır. Yalnız iki xəbər materialı kanala yüklənib ki, bunların da hər ikisi taksi xidmətindən narazılıqlar ilə bağlıdır. Bunlar “Bu taksi şirkətlərinin yarıtmaz sürücü siyasəti: kobudluq, narkotikdən istifadə, bivec davranış…” və “Taksilərdən olan çoxsaylı şikayətlər: taksi fəaliyyəti ilə bağlı hansı yeni qaydalara ehtiyac var?” adlı materiallardır.
İyunun 2-də Asan Radioda yayımlanan “Ucuz qiymətin qurbanına çevrilən keyfiyyət – taksi xidməti” adlı radio-reportajda müəllif nəticədə belə qərara gəlib ki, sözügedən şirkətlər, yəni “Bolt” və “Uber” yerli sahibkarlıq subyektləri olmadığından vəsaitlər xaricə axır.
Bu şirkətlərin yerli sahibkar olmamasından şikayətlənən təkcə Asan Radio deyil, ondan təxminən 1 həftə öncə – 25 mayda, bir qrup vətəndaş Dövlət Vergi Xidmətinə açıq məktub ünvanlayıb və taksi xidmətlərinin tutduğu 18% vergidən şikayətlənib:
Bolt tətbiqi vasitəsilə taksiyə minmək üçün bank kartı ilə ödəniş edərkən sərnişindən təkcə gediş haqqı deyil, həm də əlavə 18% vergi tutulur. Boltun mobil proqramında bu əlavə ödənişlər heç bir şəkildə göstərilmir və bu da sərnişini səyahətin son qiyməti ilə bağlı çaşdırır.
məktubda deyilir.
Şikayətçilər hesab edir ki, 18% əlavə ödəniş pulun xaricə getməsi ilə bağlıdır:
Məlum olur ki, “Bolt” şirkəti Azərbaycanda heç bir şəkildə qeydiyyatdan keçmir, azərbaycanlı istifadəçilərin ödənişlərini ölkə daxilində emal etmir və fikrimizcə vergi ödəmir.
“Bolt” taksi xidmətinin bu məktuba cavabı gecikməyib. Boltun səyahət bronlaşdırma departamentinin rəhbəri Naim Əzizov iyunun 2-də açıqlamasında deyib ki, bu, vergi orqanları tərəfindən banklara qoyulan tənzimləmədir və yerli qanunverciliyə görə, xarici ödənişlərə 18% dərəcəsi ilə ƏDV tutulur.
Qanunvericilikdə boşluq iddiası
Bu şirkətlər hələ də qanunvericilikdə olan boşluqlardan istifadə edərək istər sərnişinlərin, istərsə də sürücülərin narazılığına səbəb olan neqativ halların yaranmasına bilavasitə yol açır.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 31-də APA-ya eksklüziv müsahibəsində taksi xidməti ilə bağlı danışarkən deyib. “Nazir Rəşad Nəbiyev taksi xidmətində aparılacaq islahatları açıqlayıb” başlıqlı müsahibədə o, həm də bu sahədə aparılacaq islahatlardan danışıb:
Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq.
Taksi sahəsindəki problemlər bu ərəfədə Milli Məclisin deputatlarını da narahat edib.
İyunun 3-də Report informasiya agentliyinə açıqlamasında deputat Azər Badamov deyib ki, bu sahədəki “özbaşınalıq aradan qaldırılmalıdır”.
Taksilərin əksəriyyətində natəmizlik hökm sürür. Elə hallar olur ki, taksi sürücüsü sərnişindən soruşmadan siqaret çəkməyə başlayır. Taksi şirkətlərin tətbiqi ilə taksi sifariş edəndə çox halda taksi sürücüləri ödənişin nağdsız olduğunu biləndə gəlmirlər.
8 iyunda Modern.az-a verdiyi müsahibədə deputat Rüfət Quliyev hətta iddia edib ki, taksi şirkətlərindən birinin rəhbəri ermənidir və bu da təhlükə doğurur.
“Mən idarəsində erməni olan qurumun daim təhlükəli olduğunu düşünürəm. Mühüm
məsələlərdən biri bu şirkətlərin fəaliyyəti nəticəsində ölkəmizdən xaricə valyuta
axınıdır. Biz heç də bu məsələyə əks deyilik. Amma hər bir iş nəzarət altında olmalıdır.”
Daxili İşlər Nazirliyinin mayın 25-də yaydığı rəsmi məlumata görə, “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barədə “ciddi tədbirlər görülüb”. Onlar qadın sərnişinlərə qeyri-etik davranmaq, əxlaqsız təkliflər etmək və narkotik dövriyyəsində ittiham olunaraq bir qismi cinayət, bir qismi isə inzibati məsuliyyətə cəlb olunub.
İyunun 1-də isə DİN rəsmisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib ki, “Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı müraciətlərin sayı artıb.
Əlçatan Taksi – Bolt
Bütün bunlarla yanaşı Bolt taksi xidməti üçün bütün qapılar bağlanmayıb. Məsələn, Naftalanda.
Naftalan Şəhər İcra Hakimiyyətində mayın 22-də keçirilən görüşdə icra başçısı Vüqar Novruzov “Bolt” xidmətinin Gəncə bölməsinin əməliyyatlar üzrə meneceri Tofiq Paşayevi qəbul edib. “Bolt”un nümayəndəsi xidmətin Naftalanda işə başlaması, həmçinin şirkətin fəaliyyət istiqamətləri ilə bağlı məlumat verib:
Xidmət münasib qiymət və komfortlu avtomobillərlə şəhər sakinləri ilə yanaşı turistlər üçün də əlçatan olacaq.