Abxaziyanın Təhlükəsizlik Şurasının rəhbəri bəyan edib ki, planlaşdırılan Rusiya hərbi-dəniz bazası bu ilin əvvəlində Abxaziyada fəaliyyətə başlaya bilər.
Sergey Şamba bu ilin 12 yanvarında RİA-ya açıqlamasında bildirib ki, Oçamçirada (Oçamçire) açılması planlaşdırılan liman hələ layihələndirmə mərhələsindədir. O əlavə edib ki, baza Abxaziyanın təhlükəsizliyini təmin etməyə xidmət edəcək.
2008-ci ildən bəri dənizdə gəmilərin saxlanılması ilə bağlı heç bir insidentimiz olmayıb, sərhəd bölgəsində vəziyyət sakitdir.
Sergey Şamba
Abxaziya prezidenti Aslan Bjaniya bazanın inşası barədə ilk dəfə 2023-cü ilin oktyabrında danışıb.
Bjaniyanın hərbi-dəniz bazasını elan etməsindən sonra Ukrayna prezidenti Vladimir Zelenski Abxaziyada yerləşən Rusiya hərbi gəmilərini vuracağına söz verib.
Hərbi donanma yaradılmasının Ukrayna ilə əlaqəsi nədir?
Ukraynaya genişmiqyaslı hərbi müdaxilədən sonra işğal edilən Krımda yerləşən Rusiyanın Qara Dəniz Donanması dəfələrlə Ukraynanın pilotsuz təyyarələri və raketlərinin hücumuna məruz qalıb.
Vladimir Zelenski Rusiyanın Abxaziyada donanma yaratmasının sabəbini Ukrayna raketlərindən uzaq qalmaq istəyi ilə əsaslandırır.
Rusiya lideri Qara dəniz donanması üçün Ukrayna raketlərindən və pilotsuz təyyarələrindən uzaqda yeni baza yaratmağa məcbur olub, lakin biz onları hər yerdə tapacağıq.
Vladimir Zelenski
Cavab olaraq Bjaniya Ukraynanı “Qafqazda hərbi vəziyyətə təhrik etmək və yeni qanlı müharibəyə başlamaq” istəməkdə ittiham edib.
Gürcüstan rəsmiləri nə deyir?
Gürcüstan rəsmiləri də bazaya etiraz ediblər. Rusiyanın hökumətyönlü mediası “Sputnik”in əməkdaşı Aleksandr Xrolenko isə yazıb ki, planlaşdırılan hərbi dəniz bazası “kimisə təhdid etmək niyyətində deyil” və qeyd edib ki, baza Tbilisidən 300 kilometr aralıda yerləşəcək.
- Oçamçira limanı 2009-cu ildən Rusiyanın nəzarətindədir. Rusiya limandan gəmilərin və qayıqların inşasında istifadə edib və öz sərhədçiləri ilə onu qoruyub.
Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.