Böyük Britaniya Ali məhkəməsi ötən gün keçirilən prosesdə azərbaycanlı deputat Cavanşir Feyziyevin Londondakı 22 mülkünə həbs qoyulması barədə qərarı açıqlayıb və bildirib ki, deputat və həyat yoldaşının bu mülklər “qeyri-qanuni yollarla əldə edilən gəlir” vasitəsilə aldıqlarına dair şübhələr var.
OCCRP-nin əldə etdiyi sənədlərə görə, 39.5 milyon funt (təxminən 85 milyon AZN) dəyəri olan mülklər Ali Məhkəmənin 2023-cü ilin iyunundakı qərarından sonra dondurulub.
Feyziyev bunla bağlı şərh verməyib, amma onun vəkili ötən gün keçirilən məhkəmə prosesində Milli Cinayət Agentliyi (NCA) lazımi proseduru aparmadığını iddia edərək mülklərin dondurulması qərarını ləğv etdirməyə çalışıb. O deyib ki, “hər hansı mülkün qeyri-qanuni yolla əldə edilməsi yaxşı mübahisələndiriləcək hal deyil”.
Feyziyev və həyat yoldaşının mülklərinin dondurulması o deməkdir ki, onlar həmin əmlakı nə sata, nə də başqasına ötürə bilər. NCA bildirir ki, dondurulma qərarı mülklərin pulyuma vasitəsilə əldə olunan gəlirlə satın alınmasına dair “güclü dəlil” var.
Məhkəməyə təqdim olunan sənəddə NCA bildirib ki, “pul həddindən artıq mürəkkəb sxemlə axır” və bu axın “qeyri-adi, səhv, uydurma təsvirlərlə” müşayiət olunur.
Daha əvvəl nə baş verib?
Bundan əvvəl Böyük Britaniya Milli Cinayət Agentliyi Feyziyev ailəsi barədə bank hesablarında milyonlarla funt olduğuna görə araşdırma başlatmışdı. Agentlik bildirmişdi ki, həmin pulların mənbəyi OCCRP-nin 2017-ci ildə aşkarladığı və “Azərbaycan pulyuyan maşını” kimi tanınan beynəlxalq pulyuma sxemi olub.
2022-ci ildə Böyük Britaniya Feyziyevin həyat yoldaşı, oğlu Orxan və qardaşı oğlu Elman Cavanşirə məxsus hesablardakı 5,6 milyon funt (təxminən 12 milyon AZN) pulu dondurmuşdu.
Hansı mülklər dondurulub?
Dondurulmuş mülklərdən ən bahalısı 26 milyon funtdan (təxminən 56 milyon AZN) çox dəyəri olan, Chelsea Barracks kompleksində yerləşən iki evdir ki, Feyziyev onları 2020-ci ildə alıb. Deputatın bu mülkləri aldığı il həm də Britaniya hökumətinin onun həyat yoldaşı, oğlu və qardaşı oğlu barədə pulyuma sxemi ilə əlaqəsinin araşdırması hələ də davam edirdi.
Dondurulan digər mülk Regent’s Park-a baxan mənzil, eləcə də Londonun şimal-qərbində yerləşən yeni tikilmiş 19 mənzildir. Feyziyev 2008-2018-ci illər aralığında 10 milyon funtdan çox pul ödəyərək bu mülkləri alıb və daha sonra heç bir ödəniş etmədən mülkləri idarə edəcək şirkətə köçürüb.
NCA deyir ki, dondurulan mülklərin ümumi dəyəri 50 milyon funtdur. Hakim Poole mülklərin dondurulması barədə qərarın qüvvədə qalıb-qalmayacağı barədə hökm çıxaracaq.
Cavanşir Feyziyev kimdir?
2010-cu ildən bəri Azərbaycan Parlamentinin deputatı olan Cavanşir Feyziyev, eyni zamanda Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupun rəhbəri olub. O, 2022-ci ilə qədər Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinə həmsədrlik edib.
Britaniya məhkəməsinin onun qohumlarının hesablarındakı 5,6 milyon funtun dondurulması barədə qərarından sonra Feyziyev tutduğu vəzifələrdən çıxıb. Həmin vaxt ailənin vəkili mətbuata açıqlamasında bildirilib ki, Feyziyevlər dondurulma qərarına görə məyus olublar. Həmçinin vurğulayıb ki, məhkəmə Cavanşir Feyziyevin və ya digər respondentlərin korrupsiya ilə məşğul olduğunu təsdiqləməyib.
“Azerbaijan Laundromat” nədir?
OCCRP-nin 2017-ci ildə çıxardığı araşdırma materialı “Azərbaycan pulyuyan maşını” mürəkkəb pulyuma sxemi ilə iki il ərzində 2,9 milyard dolların Böyük Britaniyada qeydiyyatdan keçmiş ofşor şirkətlər vasitəsilə pulların necə köçürüldüyünü aşkarlamışdı. Bu sxem vasitəsilə pul alanlar sırasında Avropalı siyasətçilər, rejimyönlü materiallar hazırlayan jurnalist, hökuməti tərifləyən biznesmen, eləcə də dövlət vəzifələrində olan tanınmış azərbaycanlılar olub.
OCCRP müəyyən edib ki, Feyziyevin qurduğu əczaçılıq şirkəti “Avromed”lə eyni adı istifadə edən iki şirkət də bu sxem vasitəsilə 138 milyon dollar alıb. Feyziyev çirkli pulların yuyulmasında və ya hər hansı qanunsuz fəaliyyətdə iştirakını qəti şəkildə rədd edir.