Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan barədə həbsli axtarış qərarı çıxarılıb.
Bu barədə məlumatı AzadlıqRadiosu prokurorluqdakı mənbəyə istinadən yazıb.
Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra fəallar, Orduxan Teymurxan haqqında da cinayət işi başlanıb və noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova həbsli axtarış qərarını çıxarıb.
Mikroskop-a danışan bloger Orduxan Teymurxan deyib ki, onun haqqında cinayət işi açılması barədə hələ ki, rəsmi məlumat almayıb.
“Cinayət işi açılması barədə saytlardan oxudum, ciddi mənbələr yazır ki, bu xəbəri prokurorluqdan əldə ediblər. Mən Hollandiya vətəndaşıyam və bu ölkənin hüquq mühafizə orqanları mənə bu barədə heç bir rəsmi məlumat verməyib. Azərbaycan hakimiyyətinin atdığı bu addımı da absurd hesab edirəm”.
Ailəsi ilə əlaqə saxlamadığını deyən bloger cinayət işi barədə onlara da hər hansısa rəsmi məlumatın verilib-verilmədiyindən xəbərsizdir. O.Teymurxan deyir ki, Hollandiyada cinayət işində ittiham olunub həbs olunsa belə onun Azərbaycana ekstradisiyası mümkün deyil:
“Artq 20 ildir ki, Hollandiya vətəndaşıyam. Azərbaycan vətəndaşı olmamışam. Əgər müstəntiq tərəfindən sübuta yetirilmiş, legitim cinayət işi varsa, Hollandiya hüquq mühafizə orqanları ciddi olaraq işə qarışar. Amma mənim Azərbaycana ekstradisiyam mümkünsüzdür, çünki Azərbaycan vətəndaşı deyiləm, milliyət olaraq azərbaycanlıyam. Ona görə də Hollandiya hökuməti məni Azərbaycana verə bilməz”.